Aprelin 15-də Azərbaycan Milli Xalça Muzeyində “Rəqəmsal texnologiyalar və muzeydə ekspozisiya praktikaları” mövzusunda elmi-praktik seminar keçirilib.
Muzey sahəsində rəqəmsal transformasiya və müasir ekspozisiya yanaşmalarına həsr olunan bu seminar texnologiya, mədəniyyət və tamaşaçı təcrübəsi arasındakı qarşılıqlı əlaqələri araşdırır. Tədbirdə muzeylərin rəqəmsal inkişaf strategiyası, yeni media alətləri və ekspozisiya dizaynında innovativ yanaşmalar müzakirə olunub.
Seminarda Almatı İncəsənət Muzeyinin inkişafı üzrə direktoru, Rəqəmsal İncəsənət və Texnologiyalar Agentliyi şirkətinin təsisçisi və baş icraçı direktoru, .ART Registry-nin rəqəmsal incəsənət layihələri üzrə kuratoru və səfiri Vladimir Opredelenov iki mövzu üzrə çıxış edib. Onun “İnnovasiyalar, cəmiyyət, mədəniyyət: qeyri-aşkar əlaqələr” mövzusunda məruzəsi rəqəmsal texnologiyaların mədəniyyət istehsalı və istehlakına təsirini, muzeylərin rolunun necə dəyişməsini, fiziki ilə rəqəmsal mühitlərin sintezini əhatə edir. “Muzeyin rəqəmsal inkişaf strategiyası” adlı çıxışında isə o, muzeylər üçün rəqəmsal ekosistemin qurulması, kolleksiyaların rəqəmsallaşdırılması, istifadəçi təcrübəsinin artırılması, data analitikası və s. məsələlərə diqqəti yönəldib.
İşıq dizayneri, YARKO studiyasının və YARKO School platformasının təsisçisi, muzey və sərgi işıqlandırması sahəsində 24 ildən artıq təcrübəyə malik mütəxəssis Kseniya Lanikina isə “Muzey ekspozisiyasında işıq dramaturgiyası: metod və praktika” mövzusunda məruzə ilə çıxış edib. O, işığın ekspozisiya konsepsiyasının formalaşmasında rolu, eksponatların xüsusiyyətlərinə uyğun işıqlandırma prinsipləri barədə danışıb. Real layihələr əsasında təqdim ediləcək nümunələr vasitəsilə işığın tamaşaçı qavrayışına təsiri və ekspozisiyanın ümumi vizual mühitinin qurulması izah olunub.
Muzey əməkdaşları, kuratorlar, ekspozisiya dizaynerləri və mədəniyyət sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulan seminar rus dilində keçirilib.








